Aşağı Nüvədi
Aşağı Nüvədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
== Etimologiyası ==
"Nüvədi" tat və talış dillərində "Yeni kənd", "Təzə kənd" mənasında işlənmişdir. Oykonimin birinci komponenti isə kəndin yerləşdiyi coğrafi mövqeyi göstərir.
== Coğrafiyası ==
Rayon mərkəzindən 6 kilometr cənubda , Astaraya uzanan magistral yolunun solunda, Bakı—Astara dəmiryolu kənarında, Lənkəran ovalığında yerləşir. Şərqdən Xəzər dənizi, cənubdan Kənarmeşə, Şilim, Seydəkəran, qərbdən Viyən, Gərmətük, şimaldan Velədi və Sütəmurdov kəndləri ilə əhatə olunmuşdur. Ərazisi 303 hektardır. 203 hektarı əkin yeri, 88 hektarı həyətyanı sahə, 9 hektarı örüş, 3 hektarı meşə zolağıdır.[mənbə göstərin]
== Tarixi ==
Qəsəbə XDS İcraiyyə Komitəsi 1960-cı ilin mart ayında təşkil olunmuşdur. 1971-ci ildə şəhər tipli qəsəbə statusu verilib. 1992-ci ilin fevral ayında şəhər icra hakimiyyyəti başçısının qəsəbə üzrə icra nümayəndəliyi yaradılmışdır.